“COVID-19” səbəbi ilə zərər çəkmiş sektorlardan biri də kinoteatrlardır. Nazirlər Kabinetinin 24 sentyabr 2021-ci il tarixli Qərarına əsasən, 1 oktyabr tarixindən etibarən ümumi tutumu 50%-dən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyətinə icazə verilib.
Dekabrın 30-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin təşkilatçılığı ilə pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması fonunda kinoteatrların fəaliyyəti müzakirə edilib. “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadənin və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirak etdiyi tədbirdə məhdudiyyətlərin yumşaldılmasından sonra kinoteatrların fəaliyyəti müzakirə edilib.
KOBİA sədri qeyd edib ki, kinoteatrların fəaliyyəti ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin yumşaldılması kinoteatr sektorunun fəaliyyətinin canlandırılması və inkişafı baxımından əhəmiyyətlidir. Bildirilib ki, pandemiya yeni davranış normaları və reallıqlar yaradıb. Onlayn xidmət platformalarının geniş yayılması insanların yeni filmlərə baxması vərdişlərinə əhəmiyyətli təsir göstərib. Lakin istənilən halda kinoteatrlar innovativ texnoloji inkişaflara dayanıqlıq göstərmək və rəqabət aparmaq iqtidarındadır. Kinoteatrların və kino sektorunun da daxil olduğu mədəniyyət və yaradıcı sənayenin inkişafı hökumətin prioritet fəaliyyət gündəliyinə daxildir. KOBİA sədri bugünkü müzakirələr çərçivəsində yaranan təkliflərin və fikirlərin, eləcə də qarşıdakı dövrdə birgə fəaliyyətin sektorun daha da canlanmasına öz töhfəsini verəcəyini vurğulayıb.
Powered by Froala Editor