Xəbərlər

Kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına dair layihələr başa çatıb 22.02.2022
Elan

İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarları olduğu, Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələri başa çatıb. 


Qeyd edək ki, sözügedən layihələrin məqsədi kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına dəstək olmaqdır. Layihələr çərçivəsində benefisiar təşkilatların əməkdaşlarının potensialının və bacarıqlarının gücləndirilməsi məqsədilə ümumilikdə 400 nəfərdən çox əməkdaş üçün müxtəlif təlim, seminar və dəyirmi masalar təşkil olunub, Türkiyə, İspaniya, Rumıniya və Yunanıstana təcrübə səfərləri təşkil edilib. Sahibkarlığın və KOB-ların inkişafını dəstəkləyən müxtəlif sənədlər, tövsiyələr və tədris materialları hazırlanıb, regionlarda fəaliyyət göstərən startapların iştirakı ilə “İdeyadan uğurlu biznesə” startap müsabiqəsi keçirilib, KOBİA-nın KOB inkişafı mərkəzlərinin səmərəliliyinin ölçülməsi üçün monitorinq və qiymətləndirmə sistemi yaradılıb və digər tədbirlər həyata keçirilib.  


Fevralın 22-də İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə sözügedən layihələrin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və sahibkarlar iştirak ediblər.


Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığa, Agentliyin KOB-lara göstərdiyi xidmətlərə, müvafiq layihələrin ölkəmizdə KOB sektorunun inkişafına dəstəyi barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, sözügedən layihələr iqtisadi siyasətinin prioritet istiqamətlərini əhatə etməklə bu sahədə fəaliyyətin dəstəklənməsinə yönəlib. Layihələr çərçivəsində əldə olunmuş nəticələr KOBİA-nın və digər benefisiar qurumların fəaliyyətinə müsbət təsir göstərəcəkdir. 


Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ölkəmizlə qurum arasında müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq, biznes mühitinin yaxşılaşdırılmasına dəstək istiqamətlərində həyata keçirilən layihələr barədə danışıb, bu sahədə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Bildirilib ki, hazırda KOB-larla bağlı əməkdaşlıq rəqəmsallaşma və “yaşıl iqtisadiyyat” sahələrini əhatə edir və bu istiqamətdə Avropa İttifaqı öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.


Layihələrin icraçı konsorsiumları adından çıxış edən “Ekvita” şirkətinin rəhbəri İlqar Mehti və “European Profiles” şirkətinin prezidenti Dimitrios Bakolas, eləcə də layihələrə dair təqdimatlarla çıxış edən Con Toner və Alberto Qomez layihələr çərçivəsində görülmüş işlər barədə məlumat veriblər. 


Sözügedən layihələrin tərəfdaşlarından olmuş Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, layihə çərçivəsində keçirilmiş “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin qalibi və UNEC-in nümayəndəsi layihələrin yerlərdə qadın sahibkarlığının inkişafına, regionlarda gənclərin startap layihələrinin dəstəklənməsinə və sahibkarlıq fəaliyyətinə maraq göstərən gənclərin biznes biliklərinin artırılmasına verdiyi töhfə barədə fikirlərini bölüşüblər. 

Powered by Froala Editor