Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və təkliflərinin dinlənilməsi, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA tərəfindən göstərilən dəstək və xidmətlər barədə sahibkarların məlumatlandırılması üçün görüşlərini davam etdirir.
Növbəti belə görüşlər mayın 13-də Daşkəsən və Göygöl rayonlarında təşkil olunub. KOBİA və müvafiq rayonların icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilmiş görüşlərdə sahibkarlar və onlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşlər çərçivəsində KOBİA-nın Daşkəsən və Göygöl üzrə Kiçik və Orta Biznesin dostları – KOB dostları rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bununla da Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə KOB dostlarının sayı 3-ə çatıb. Hazırda KOB dostları ölkənin 33 şəhər və rayonunda fəaliyyət göstərir.
Daşkəsən və Göygöl rayonlarında KOB dostu ofisləri Heydər Əliyev Mərkəzlərində yerləşir. KOB dostu ofislərində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyət göstərir.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib.
Görüşlər çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Həmin gün həmçinin, KOBİA-nın dəstəyi və “AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda həyata keçirilmiş “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinin iştirakçısı olmuş arıçı fermerlərlə görüş keçirilib. Görüşdə arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarına, arıçı fermerlərin təşəbbüslərinə, eləcə də layihə çərçivəsində onlara göstərilmiş dəstəyə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, layihə çərçivəsində Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçı fermerlər təlimlərə cəlb olunub, rayon ərazisində nektar verən akasiya ağacları əkilib, fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları təqdim olunub.
Powered by Froala Editor