Xəbərlər

Gəncədə KOB Fest sərgi-satış yarmarkası keçirilib 13.05.2022
Elan

Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 13-də Gəncə şəhərində “Xan bağı”nın ərazisində təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş yarmarka sayca üçüncüdür. Bundan əvvəl “KOB Fest” Bakı şəhərində və Şəmkir rayonunda təşkil edilib.  


Gəncə “KOB Fest”də 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların, yaradıcı şəxslərin əl işləri təqdim edilib. Gəncə, Göygöl, Daşkəsən, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan sahibkarlar tərəfindən yarmarkada qida, tekstil, zərgərlik məhsulları, mebel, bank, təhsil, tibb və reklam xidmətləri, hədiyyəlik əşyalar, əl işləri nümayiş olunub. 


“KOB Fest” çərçivəsində həmçinin, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli görüşlər keçirilib, biznes xidmətlər göstərilib, mədəni-əyləncəli proqram təşkil edilib. 


Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in Gəncə və ətraf rayonların KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.


Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgi ilə tanış olublar. 

Powered by Froala Editor