Mayın 18-də “SHE Congress” (“Smart. Happy. Elegant.”) keçirilib. Azərbaycan Sahibkar Qadınlar Təşkilatının təşkilatçılığı ilə keçirilmiş bu ilki tədbir “İqtisadi inkişafda qadın sahibkarlığının rolu” mövzusuna həsr olunub. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstəklənir.
Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iqtisadi və sosial inkişaf üçün qadınların mövcud potensial imkanlarından istifadə olunmasının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, qadınların iqtisadiyyatda rolunun artırılması həmçinin, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin hədəfləri sırasındadır. 2022-ci ilin 1 aprel tarixinə ölkəmizdə fərdi sahibkarların 21,5 %-ni qadınlar təşkil edib. İqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə inkişaf edir.
Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla KOBİA qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması üçün müvafiq tədbirlər həyata keçirir. Belə ki, Agentlik tərəfindən qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, və dəyirmi masalar təşkil olunur. Qadın sahibkarlığın inkişafı ilə bağlı Agentlik müxtəlif təşkilatlarla birgə layihələr həyata keçirir. Qadınlar sahibkarlıq fəaliyyətinə başlamaq və biznesin inkişafı üçün KOBİA-nın daxili bazar araşdırması, sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxış, “Startap” şəhadətnaməsi, qrant və s. dəstək və xidmətlərindən istifadə edə bilərlər.
Powered by Froala Editor