Sahibkarlıq subyektlərinin peşəyönümlü ixtisaslı kadrlara olan ehtiyacının təmin olunması, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ali və peşə məktəbləri ilə sıx əməkdaşlıq edir, layihələr həyata keçirir.
Mayın 27-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev peşəyönümlü ixtisaslı kadrlar hazırlayan Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində olub, burada yaradılmış şərait və emalatxanalar, eləcə də KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində keçirilən təlimlərlə tanış olublar. Görüşdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin rəhbərliyi ilə özəl sektorun tələblərinə cavab verən peşə hazırlığı və sözügedən layihə çərçivəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsi hazırda Cəlilabad, Ağdam və Qəbələdə həyata keçirilir. Layihədə peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edirlər. Biznes təlimlərini uğurla başa vuran gənclərə öz işlərinə başlamaları üçün müvafiq avadanlıqlar veriləcəkdir.
KOBİA-nın nümayəndələri həmçinin, Qəbələ rayonunun Çuxur Qəbələ kəndinin ərazisində yerləşən lavanda təsərrüfatında olub, təsərrüfatın fəaliyyəti və aqroturizm potensialı ilə tanış olublar. Məlumat üçün qeyd edək ki, lavanda təsərrüfatının yaradılmasına KOBİA tərəfindən müxtəlif dəstək və xidmətlər göstərilib.
Powered by Froala Editor