Xəbərlər

2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət 5 dövlət qurumu tərəfindən göstərilib 12.02.2024
Elan

Ötən il “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 266 mindən çoxu 5 dövlət qurumu tərəfindən təqdim edilib.

2023-cü ildə “Bakı KOB evi”ndə sahibkarlıq subyektlərinə 288255 xidmət göstərilib ki, onlardan 268927-si (93,29%) dövlət qurumlarının (“G2B”), 19328-i (6,71%) isə özəl qurumların (“B2B”) xidmətlərdir. Bu xidmətlərin 266 mindən çoxu beş dövlət qurumu tərəfindən göstərilib.

“Bakı KOB evi”nə müraciət edən sahibkarların çox hissəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət edib - 233751 (87,96%) xidmət. Növbəti yerləri 22165 (7,69%) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5662 (1,96%) xidmətlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3114 (1,08%) xidmətlə Dövlət Gömrük Komitəsi, 1424 (0,49%) xidmətlə Fövqəladə Hallar Nazirliyi tutub. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər. 

Qeyd edək ki, 2023-cü ildə Bakı, Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 371 mindən çox xidmət göstərilib. “Bakı KOB evi”ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyəti zamanı zəruri olan 300-dən çox “G2B” və 15 özəl qurum tərəfindən 80-dən çox “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər (lisenziya, icazələr, mənşə sertifikatı, investisiya təşviqi sənədi, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və s.), vergi, gömrük, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, bank, sığorta, daşıma, notariat və s. kimi xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər. 

Powered by Froala Editor