Xəbərlər

Sahibkarlığa dəstəyin səmərəli ünvanı 22.02.2024
Elan

Sahibkarlar və biznesə yeni başlayanlar üçün dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkan... Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda fəaliyyət göstərən kiçik və orta biznes evlərini (KOB evləri) bu cür də adlandıra bilərik.

Biznesə göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılmasına, bu xidmətlərə asan və rahat çıxışın təmin olunmasına, dövlət-sahibkar münasibətlərinin daha çevik və şəffaf mexanizmlərlə həyata keçirilməsinə xidmət edən KOB evlərinin fəaliyyəti artıq bir neçə ildir ki, iş adamlarına xidmət sahəsində əhəmiyyətli dönüş yaradıb. Bu günlərdə fəaliyyəti ilə yaxından tanış olduğumuz "Bakı KOB evi"ndəki müşahidələrimiz bu sahədəki təsəvvürlərimizi xeyli yenilədi. 

3 ildə 3 KOB evi

Öncə onu qeyd edək ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların əsas istiqamətlərindən biri vətəndaşlara göstərilən dövlət xidmətlərinin daha keyfiyyətli həyata keçirilməsi, onların daha əlçatan olması, habelə bu sahədə şəffaflığın və operativliyin təmin edilməsidir. Azərbaycan Prezidentinin 2017-ci il 28 dekabr tarixli və 2018-ci il 26 iyun tarixli fərmanlarına əsasən, KOB evlərinin yaradılması da bu məqsədə xidmət edir. İş adamları biznes fəaliyyəti üçün zəruri olan sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziya, icazə və digər zəruri sənədlər, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal, bank, sığorta, notarius və digər yüzlərlə xidmət üçün KOB evlərinə müraciət edə bilərlər. Beləliklə, biznes üçün xidmətlərin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir. Ümumilikdə isə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər "Biznesi planla", "Biznesə başla", "Biznesi işlət" və "Biznesi inkişaf etdir" olmaqla 4 istiqaməti əhatə edir.

Hazırda respublikamızda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. İlk KOB evi 2020-ci ilin fevral ayından Xaçmaz şəhərində, ikinci KOB evi 2021-ci ilin aprel ayından Yevlax şəhərində sahibkarların istifadəsindədir. Sayca 3-cü olan "Bakı KOB evi" 2023-cü ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Üçmərtəbəli binanın ilk iki mərtəbəsində sahibkarlara xidmət göstərilir.

KOB evlərinin fəaliyyətinin əsas prinsiplərindən biri vətəndaşlara göstərilən yüksək nəzakətlilikdir. Təsadüfi deyil ki, "Bakı KOB evi"nə daxil olar-olmaz girişdəki məlumat guşəsində vətəndaşın olduqca nəzakətli formada dinlənilməsi, daha sonra könüllünün müşayiəti ilə müraciət etdiyi dövlət qurumunun pəncərəsinə qədər ötürüldüyü gözümüzdən yayınmadı. Yeri gəlmişkən, bu xidmətdən istifadə edən sahibkarlar KOB evlərinə gəlməzdən əvvəl "KOB növbə" tətbiqi vasitəsilə onlayn növbə götürə bilərlər.

"Bakı KOB evi"nin direktoru Zaur Qasımbəyovla söhbətimiz də elə bundan başladı. Onun sözlərinə görə, bütün dövlət xidmətlərinin bir məkanda göstərilməsi ilə yanaşı, iş adamlarının məmnuniyyəti KOB evlərinin əsas konseptlərindən biridir. Təsadüfi deyil ki, hazırda sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq göstəricisi 98 faizdən yüksəkdir.

Operativ və nəzakətli xidmət

"Bakı KOB evi" ilə yaxından tanış olduq. Zaur Qasımbəyovun sözlərinə görə,  binanın ilk iki mərtəbəsində sahibkarlara dövlət-biznes (G2B), biznes-biznes (B2B) və digər xidmətlər göstərilir: "KOB evi konsepsiyasına uyğun olaraq "Bakı KOB evi"ndə də dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan xidmətlər göstərilir. Ümumilikdə, "Bakı KOB evi"ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox xidmət (G2B) təqdim olunur. Bunlar sahibkarlıq fəaliyyətinin qeydiyyatı, vergi, gömrük, daşıma, qida təhlükəsizliyi, lisenziya, icazə, mənşə sertifikatı, investisiya təşviqi sənədi və sahibkarlıq fəaliyyəti üçün zəruri olan digər sənədlərin alınması, kommunal xidmətlərə qoşulma, notariat və digər xidmətlərdir".  

"Bakı KOB evi"ndə həmçinin özəl qurumlar tərəfindən sahibkarlara bank, lizinq, sığorta, daşıma və başqa xidmətlər olmaqla ümumilikdə 14 özəl qurum tərəfindən 100-dən çox adda biznes-biznes (B2B) xidməti göstərilir.

Bu xidmətlər, əsasən, "Bakı KOB evi"nin birinci mərtəbəsində göstərilir. İkinci mərtəbədə isə, təlim, startap, mediasiya məkanları və Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonası fəaliyyət göstərir. Zaur Qasımbəyov bildirir ki, Bakı KOB İnkişaf Mərkəzi də "Bakı KOB evi"ndə fəaliyyət göstərir. Burada sahibkarlar üçün müxtəlif mövzularda ödənişsiz təlimlər təşkil olunur və məsləhət xidmətləri təqdim edilir. Startap İnkişaf Mərkəzində isə ideya mərhələsində olan startaplar üçün müxtəlif avadanlıqlardan ibarət ortaq iş məkanı yaradılıb. Burada startapların ekspert, dizayn, mühəndislik və mentor dəstəyinə olan ehtiyacları qarşılanır. Mərkəzdə mütəmadi olaraq startaplar və investorların görüşləri, təlimlər, mentor dəstəyi və məsləhət xidmətləri təşkil olunur. İşgüzar görüşlər və müxtəlif tədbirlər üçün "Bakı KOB evi"ndə yerləşən görüş otaqları və konfrans zalı da sahibkarların istifadəsindədir.

Təkcə 2023-cü ildə "Bakı KOB evi"ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzi tərəfindən 3000 nəfərə yaxın sahibkar, startap və yeni biznesə başlamaq istəyənlər üçün 200-dən çox təlim keçirilib, 700-ə qədər məsləhət xidməti, biznes planların hazırlanması üçün dəstək göstərilib.

Sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə "Bakı KOB evi"ndə iş adamlarına Mediasiya Şurası tərəfindən xidmət göstərilir.

"Bakı KOB evi"ndə sahibkarlarla da söhbətləşdik. Beynəlxalq yükdaşıma fəaliyyəti üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmət pəncərəsinə icazə blankı üçün müraciət edən Namiq Məmmədovun sözlərinə görə, KOB evi onların işini xeyli asanlaşdırıb: "6 ildir ki, yükdaşıma sahəsində çalışıram. Əvvələr icazə blankını almaq üçün çox gözləməli olurduq. Yaxud bir neçə ünvana getməliydik ki, bu da vaxtımızı alırdı. İndi isə bircə ünvana - "Bakı KOB evi"nə müraciət edirik və bütün icazələrimizi burda rəsmiləşdiririk. İş adamlarına bütün xidmətilər göstərilir. Tanıdığım sahibkarlar lazım olan sənədləri məhz gəlib burdan alırlar. Yaradılan bu şəraitə görə dövlətimizə minnətdaram".

Söhbət etdiyimiz Ziya Qurbanlı isə yükdaşıma ilə məşğul olan "Atilla Transport" MMC-nin nümayəndəsi idi.  Bu sahədə fəaliyyətə yeni başladıqlarını deyən Ziya Qurbanlı bildirdi ki, dövlət xidmətlərinin vahid məkandan təqdim edilməsi sahibkarın vaxtına qənaət edir, əməliyyat xərclərini azaldır: "Bu xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır. "Bakı KOB evi"ndə hər bir sənədi və icazəni vaxt itkisi olmadan əldə edirik", - deyə o bildirdi.

Yeni sahibkarlıq fəaliyyətinə başlamış Alim Əliyev "Bakı KOB evi"ndə Dövlət Vergi Xidmətinin pəncərəsinə təsərrüfat subyektinin qeydiyyata alınması ilə bağlı müraciət edirdi. Göstərilən xidmətdən razılığını ifadə edən Alim Əliyevin sözlərinə görə, belə bir məkanın yaradılması barədə məlumatı olub, amma heç vaxt yolu KOB evinə düşməyib. "İşimiz elə gətirdi ki, qeydiyyat məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət etməli olduq və ona görə "Bakı KOB evi"nə gəldim. Elə girişdəcə məni gülərüz əməkdaşlar qarşıladılar və vergi xidmətinin pəncərəsinə qədər ötürdülər. Vətəndaşın müraciətinə belə yanaşmanı görəndə adamın ürəyi açılır. Çox sevinirik ki, ölkəmizdə də insanlara xidmət zamanı ən yüksək standartlar tətbiq olunur. Burda elə xidmət göstərilir ki, razı qalmamaq mümkün deyil. Belə gülərüz, məmnun və rahat qarşılanırıqsa, deməli, işimiz uğurlu olacaq".

Könüllülük hərəkatına töhfə

Ölkəmizdə fəaliyyət göstərən könüllü hərəkatına öz töhfəsini verən qurumlardan biri də KOBİA-dır. Agentlik yarandığı gündən könüllülərlə sıx əməkdaşlıq edir, qurumda "KOB könüllüləri" proqramı həyata keçirilir. Elə "Bakı KOB evi"nə gələnləri də ilk olaraq könüllülər qarşılayırlar.
Bu barədə danışan Zaur Qasımbəyov deyir ki, "KOB könüllüləri" proqramı gənclərə, xüsusilə də iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alanlara müvafiq sahədə bilik və bacarıqlarını, dünyagörüşünü artırmağa, ilkin əmək vərdişlərinə yiyələnmələrinə dəstək olur. Könüllülər "Bakı KOB evi"ndə gündəlik iş prosesində yaxından iştirak edirlər. 3-6 ay davam edən könüllü fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar verilir ki, bu da onların iş həyatına uğurlu keçidləri üçün fürsət yaradır.

"Bakı KOB evi"ndə könüllü olaraq çalışan Bakı Biznes Universitetinin 3-cü kurs tələbəsi Fuad Miriyev deyir ki, könüllülük fəaliyyəti gənclərin uğurlu gələcəyi üçün yaradılan mühüm platformadır: "3 aydır burada könüllü kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində qazandığım təcrübə gələcək karyeramda əldə etdiyim ilk önəmli təcrübədir. Biz burada sahibkarlıq, biznes mühiti ilə bağlı dünyagörüşümüzü artırır, müvafiq sahədə bacarıqlara yiyələnirik. Bu isə idarəetmə, biznes və menecment kimi sahələrdə biliklərimizin artması üçün çox faydalıdır. Bu imkanı biz gənclərə yaratdığı üçün dövlətimizə minnətdaram".

Rastlaşdığımız digər könüllü Elnarə Qəniyeva isə cəmi bir həftə idi ki, burada fəaliyyətə başlayıb. Onun sözlərinə görə, könüllülük ictimai həyata atılan ilk addımdır: "Bizim burda əsas işimiz sahibkarları qarşılamaq, məlumatlandırmaq, elektron növbə sistemindən istifadədə onlara kömək etmək və müvafiq xidmət masalarına yönləndirməkdir. Habelə müraciət edənlərin məmnunluq səviyyəsinin öyrənilməsi ilə bağlı sorğular da aparırıq. Eyni zamanda müxtəlif tədbirlərdə və təlimlərdə də iştirak edirik. Yaxşı ki, könüllülər sırasına qatılmışam, düşünürəm ki, bu fəaliyyətim gələcəyim üçün mühüm təcrübədir".

Qeyd edək ki, 2023-cü ildə 150-ə yaxın gənc, indiyədək isə 650-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Könüllülük müddətində öz aktivliyi, təşəbbüskarlığı ilə seçilən 16 könüllü KOBİA-da işlə təmin edilib. 

İşğaldan azad olunmuş bölgələrimizdə də KOB evləri yaradılacaq

KOB evlərinə sahibkarlar tərəfindən maraq artmaqdadır. Bunun nəticəsidir ki, KOB evlərinə sahibkarlar tərəfindən edilən müraciətlərin sayında da davamlı artım müşahidə olunur. Təkcə 2023-cü ildə KOB evlərində sahibkarlara 371 mindən çox xidmət göstərilib. Göstərilmiş xidmətlərin 288 255-i "Bakı KOB evi"nin, 61326-sı "Yevlax KOB evi"nin, 21723-ü "Xaçmaz KOB evi"nin payına düşür. Xidmətlərin 350 minə yaxını dövlət qurumları, 21 mindən çoxu isə biznes qurumları tərəfindən göstərilib.

Hazırda Gəncə şəhərində KOB evinin yaradılması istiqamətində zəruri işlər görülür. Ölkənin digər şəhər və rayonlarında, o cümlədən işğaldan azad olunmuş bölgələrimizdə də KOB evlərinin yaradılması nəzərdə tutulur.

"Bakı KOB evi"ndən xoş təəssüratlarla ayrıldıq. Buradakı müşahidələrimizə əsasən deyə bilərik ki, KOB evlərinin yaradılması ölkəmizdə vətəndaşlara xidmət sferasında həyata keçirilən islahatların ən uğurlu nümunələrindəndir. "Bakı KOB evi"ndə gördüklərimiz həm də onu deməyə əsas verir ki, bu məkanlar sahibkarlığa dəstəyin ən mükəmməl ünvanlarıdır. 

https://www.azerbaijan-news.az/az/posts/detail/sahibkarliga-desteyin-semereli-unvani-1708552047

Powered by Froala Editor