Xəbərlər

Universitet - biznes əməkdaşlığı istiqamətində layihələr həyata keçirilir 09.03.2024
Elan

Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisəsinin, Mühəndis Emalatxanasının və “AzTU Texnoparkı - Bilişim Vadisi Bakı”nın fəaliyyəti ilə tanışlıq olub.

 

KOB subyektlərinin inkişafına dəstək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) KOB Model Müəssisəsi yaradılıb.


İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil nazirinin müavini İdris İsayev KOB Model Müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun, Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun da iştirak etdiyi tədbirdə bildirilib ki, Model Müəssisə sənaye sahəsində fəaliyyət göstərən KOB subyektlərinə və gələcəkdə öz bizneslərini qurmaq istəyən tələbələrə təcrübə keçməyə, bacarıqlarını artırmağa, xüsusilə də universitet-sahibkarlıq əməkdaşlığını inkişaf etdirməyə imkan verəcək.


KOBİA tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəsisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkün olacaq. Model Müəssisə zəruri avadanlıqlarla təchiz olunub ki, bu da müasir texnoloji avadanlıqların fəaliyyətini əyani görməyə, resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənməyə imkan verir. Model Müəssisənin təlim-tədris audutoriyalarında həmçinin sahibkarlıqla bağlı ilkin biliklər veriləcək. 


KOB Model Müəssisənin universitet-sahibarkalıq modelinə inteqrasiyasını təmin etmək məqsədilə AzTU-da qurulan Mühəndis Gəliştirmə Proqramının (MGP) Emalatxanası ilə də tanışlıq olub. 


Diqqətə çatdırılıb ki, MGP Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) sənayeyönümlü proqramı əsasında AzTU və Milli Aviasiya Akademiyası ilə birgə ərsəyə gətirilib. Proqram çərçivəsində hər il orta hesabla 100 yüksəkixtisaslı mühəndisin hazırlanması nəzərdə tutulur. Bu il MGP proqramı TUSAŞ-ın mütəxəssisləri tərəfindən yerinə yetirilir. Proqram dinləyiciləri AzTU və MAA-nın gənc müəllimləri, yuxarı kurs bakalavr, magistr və doktorant tələbələrdir. 


Daha sonra "AzTU - Texnologiya Transfer Ofisi" və Bilişim Vadisi Bakı ilə tanışlıq zamanı bildirilib ki, AzTU şirkətlərin cəlbi yolu ilə ali təhsil sistemində innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də gənclərin bu istiqamətdə ideya və praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli ekosistem yaratmağı hədəfləyir. Bu baxımdan inkubasiya və akselerasiya proseslərinə də dəstək veriləcək.

 

Powered by Froala Editor