Xəbərlər

Azərbaycanda ağıllı axtarış aparan süni intellekt məhsulu hazırlanıb 22.06.2024
Elan

Son illərdə süni intellekt üzrə yeni həllər və məhsulların yaradılması texnoloji innovasiyaların tətbiqinə olan marağı daha da artırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “Startap” şəhadətnaməsi almış “Ainuverse” MMC-nin startapı - “AinuVision” proqram təminatı da olduqca maraqlı süni intellekt məhsullarından biridir. Layihənin yaradıcısı MMC-nin təsisçisi və icraçı direktoru, süni intellekt üzrə mütəxəssis, ABŞ Kommersiya Departamentinin Standartlar və Texnologiya üzrə Milli İnstitutu (NIST) tərəfindən keçirilən, 400-dən çox nüfuzlu xarici şirkətin iştirak etdiyi müsabiqədə dünyanın 8-ci üztanınma alqoritminin müəllifi seçilən azərbaycanlı gənc Orxan Həsənlidir.


Layihə haqqında məlumat verən O.Həsənli bildirib ki, “AinuVision” proqram təminatı süni intellekt texnologiyasından istifadə etməklə video məzmunun idarə edilməsi və əldə olunması üsullarını asanlaşdırır, nəticədə vaxta və resurslara qənaət edilir. “AinuVision” “Kompüterin Görməsi” (Computer Vision) və “Təbii Dil Emalı” (Natural Language Processing) texnologiyasından istifadə olunmaqla görüntünün axtarılan mətnə əsasən tapılmasını təmin edən süni intellekt alqoritmindən ibarətdir. Proqram istənilən video formatda olan fayllarda və ya təhlükəsizlik kameralarında insan görüntüsünü qəbul edərək prosesi analiz edir və xəbərdarlıq siqnalı verir. Hazırda dünyada istifadə olunan video məzmunu tanıma həlləri və ya ağıllı kameralar spesifik öyrədilmiş ənənəvi süni intellekt alqoritmlərindən istifadə edir və yalnız bir neçə hadisəni tanımağa malikdir: “Bu həllərin və ya kameraların bütün hadisələri tanımasını istəyiriksə, hər bir spesifik kateqoriya üçün yeni əlavə süni intellekt modelləri yaratmalıyıq. “AinuVision” bir süni alqoritmlə insanların qarşılaşdığı bir çox hadisələri asanlıqla tanıyır. Əsas məqsəd vizual görüntüləri emal edərkən insan amili və insan xətasını aradan qaldırmaq, videogörüntülərin axtarışı zamanı prosesi daha tez, dəqiq həyata keçirməkdir”.


Startapçı qeyd edib ki, hazırda videogörüntüdə axtarış apararkən 4 saatlıq videonu 8x tezliklə izləmək üçün təxminən 30 dəqiqəyə yaxın vaxt lazım olur. Bu səbəbdən də bəzi məqamlar gözdən qaça bilir. Yeni proqram təminatının məqsədi uzun video fayllarda və ya canlı videolarda istənilən görüntünü daxil edilən məzmuna əsasən saniyələr içində tapmaq və ya real vaxtda xəbərdarlığın olmasını təmin etməkdir: “Məsələn, gecə vaxtı velosiped oğurlayan kimsə kameraya düşüb və siz də onu axtarırsınız. Əgər biz proqrama yazsaq ki, kimsə tərəfindən velosiped oğurlanıb, o halda kameradakı həmin görüntünün saatı göstərilir. Yaxud proqramla siz qabaqcadan xəbərdarlıq sistemi qura bilərsiniz. Məsələn, “ağ maşın mənim qapıma yaxınlaşanda xəbərdarlıq elə”. Bu halda ağ maşın qapınıza yaxınlaşan istənilən saatda sizə xəbərdarlıq gələcək. Bu, canlı videolarla, yəni kameralarla bağlı haldır. Amma filmdə axtardığın görüntünü tapmaq üçün yaza bilərsən ki, kimsə stəkanda çay içir, onu tap. Bu halda süni intellekt bütün çay içənləri tapıb üzə çıxaracaq. Amma desən ki, kimsə təyyarədə çay içir, o halda yalnız təyyarədə çay içən şəxsi tapıb göstərəcək. Bu proqramın özəlliklərindən biri budur ki, onun üçün konkret açar sözləri yazmırsan, necə danışırsansa, proqram o formada da başa düşür və analiz edərək görüntünü üzə çıxarır”.


Layihə müəllifi hesab edir ki, proqram təminatının “ağıllı” və təhlükəsiz şəhər, insanların təhlükəzliyinin, ictimai asayişin təmin edilməsi kimi sahələrdə geniş tətbiq imkanları mümkündür. Bu, ticarət mərkəzləri, ictimai iaşə və xidmət obyektərində işçilərin, müştərilərin təhlükəsizliyini təmin etmək üçün istənilən hadisənin görüntüsünü tapmağa və ya öncədən proqram təminatında təyin edilmiş xəbərdarlıq hadisəsi baş verdikdə siqnal göndərərək xoşagəlməz hadisənin qarşısını almağa qadirdir.


Proqram təminatının unikallığı video faylda və ya real vaxtda istənilən görüntünü axtararkən onun istifadəçi tərəfindən daxil edilmiş mətnin məzmununa əsasən tapılmasıdır. Hazırkı video idarəetmə proqram təminatlarında (“VMS”) kameralarda istifadə olunan süni intellekt modelləri spesifik kateqoriyalara əsasən öyrədilir. Nəticədə model öyrədilmədiyi görüntünü görəndə sistem yeni kateqoriyaya aid olan əşyanı tanımır: “İri xarici rəqib təşkilatlarla apardığımız sorğular və virtual görüşlərin, araşdırmaların nəticəsi olaraq, deyə bilərik ki, hazırda heç bir sistemdə “Təbii Dilin Emalı” və “Kompüterin Görməsi” texnologiyasından istifadə etməklə görüntüdə məzmuna görə axtarış aparılmır. Bu, gələcəkdə böyük müştəri kütləsinə malik olan təşkilatlarla əməkdaşlıq edərək “AinuVision” proqram təminatını təklif etmək və mövcud olan sistemlərə inteqrasiya etməyə imkan yaradır. Xarici bazarda istifadə olunan axtarış sistemləri ənənəvi süni intellekt modellərindən yararlanmaqla yanaşı, yüksək enerji istehlakı (~700 Vt) olan avadanlıqlardan da istifadə edir. “AinuVision” proqram təminatının enerjiyə qənaət edən tərəfdaş avadanlıqlarla (~20 Vt) birlikdə satılması “Ainuverse” MMC-yə rəqabət üstünlüyü verəcək”.


Startapçının sözlərinə görə, ilkin olaraq proqram təminatının Bakı şəhərində satışı nəzərdə tutulub. Hədəf istifadəçi seqmentlərinin əksəriyyəti video məzmunla çalışan təşkilatlar, müşahidə kameralarından istifadə edən dövlət qurumları və şirkətlər olduğundan və onlar Bakıda yerləşdiyindən layihənin icrası da paytaxtda mümkün olacaq. Sonrakı hədəf müştəri seqmentindən asılı olaraq, proqram təminatının Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan) və Cənub-Şərqi Asiya (İndoneziya, Tailand, Malayziya, Vyetnam) ölkələrində satışının təşkilidir. Asiya bazarına nüfuz bu bölgədəki tərəfdaş şirkətlərlə birlikdə həyata keçiriləcək.


Layihə müəllifi qeyd edib ki, “AinuVision” proqram təminatının yalnız video müşahidə bazarına deyil, videonun redaktə və emalı sahəsində çalışan təşkilatlara da satılması imkanları nəzərdən keçirilir: “Hesablamalara görə, proqram təminatı bazara 3 mərhələdə daxil olacaq. Birinci mərhələ onun satışıdır ki, bu mərhələdə proqram təminatının ayrıca, yaxud bazarda mövcüd olan avadanlıqlarla birlikdə satışı həyata keçiriləcək. Biznes modelin əsasını proqram təminatının illik lisenziya ilə satışı təşkil edəcək. İkinci mərhələ proqram təminatının tərəfdaş olan avadanlıq istehsalçısı ilə birgə satışıdır ki, bunun üçün də artıq Sinqapurda fəaliyyət göstərən tərəfdaş şirkətlə əlaqələr qurulub və ilkin olaraq proqram təminatının avadanlıqda testi aparılıb. Bazarda mövcud olan rəqibləri ilə müqayisədə enerjiyə daha çox qənaət etməsi və qiymətinin ucuzluğu avadanlığın böyük üstünlüyüdür. Üçüncü mərhələ proqram təminatının kamera çip istehsalçılarına satışıdır. Süni intellekt alqoritminin hazırda mövcud olan kamera çiplərinə inteqrasiya olunması texniki cəhətdən çətindir. Hazırda tərəfdaş şirkətin kameralar üçün yeni nəsil çip istehsal etməsi və gələcəkdə kamera çiplərinə proqram təminatının inteqrasiyası daha böyük bazarlara çıxışı təmin edəcək”.


https://vergiler.az/news/economy/30697.html 

 

Powered by Froala Editor