Xəbərlər

Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir 25.10.2024
Elan

2024-cü ilin ötən dövrü ərzində 330-dan çox KOB subyektinin iştirakı ilə 8 “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunub.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə ölkə regionlarında təşkil olunan “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Xaçmaz rayonunda keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zəfər Parkının ərazisində keçirilən yarmarkada Xaçmaz, eləcə də ətraf şəhər və rayonlardan olan 60-a yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim edilir və satılır. Yarmarkaya KOB subyektləri tərəfindən çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir. 

Yarmarkanın açılış mərasimində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu və KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov regionda sahibkarlıq fəaliyyəti üçün imkanlar, biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlət dəstəyi tədbirləri barədə məlumat verib, belə tədbirlərin regionda fəaliyyət göstərən sahibkarların məhsullarının satışı və yeni biznes əməkdaşlıqlarının qurulması üçün əhəmiyyətli olduğunu qeyd ediblər. 

“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası oktyabrın 27-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Xaçmaz rayonunda keçirilən “KOB FEST” sərgi-satış yarmarkası sayca 8-ci tədbirdir. Bundan əvvəl “KOB FEST”lər Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan və Zaqatalada təşkil olunub. Bu yarmarkalar çərçivəsində ümumilikdə 330-a yaxın KOB subyektinin məhsul və xidmətlərinin tanıdılmasına, satışına və yeni biznes əlaqələrinin qurulmasına dəstək göstərilib.

Powered by Froala Editor