Xəbərlər

Eko-innovasiyalar və eko sənaye parkları mövzusunda sahibkarlarla görüş keçirilib 24.09.2021
Elan

Ölkəmizdə mövcud olan sənaye parkları və məhəllələri sahibkarlar, xüsusilə də kiçik və orta biznes subyektləri üçün əlverişli imkanlar yaradır. Sənaye parkları və məhəllələrində yaradılmış müasir infrastrukturdan və güzəştlərdən istifadə etməklə sahibkarlar öz biznesini yarada və ya mövcud sahibkarlıq fəaliyyətini daha da genişləndirə bilərlər.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş “Eko-innovasiyalar və eko sənaye parkları: mövcud vəziyyət və imkanlar” mövzusuna həsr olunub. Onlayn formatda keçirilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının, Balaxanı Sənaye Parkının, eləcə də digər sənaye parkları və məhəllələrinin nümayəndələri, orada fəaliyyət göstərən rezidentlər iştirak ediblər. 

 

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin direktoru Gülnar Mirzəyeva “Eko-innovasiyalar və eko-sənaye parkları” mövzusunda təqdimatla çıxış edib, mövzu ilə bağlı sahibkarları maraqlandıran sualları cavablandırıb. Tədbirdə eko-sənaye parklarının yaradılması, sənaye parklarına və məhəllələrinə yeni rezidentlərin cəlb edilməsi, burada tətbiq olunan güzəştlər və s. barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib. 

Powered by Froala Editor